At əvəliyi
At əvəliyi (lat. Rumex confertus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü.
Çoxillik ot bitkisi olub, hündürlüyü 60-150 sm-ə bərabərdir. Gövdəsi çılpaq, şırımlı olub, yuxarı hissəsi budaqlanandır. Yarpaqları saplaqlı, çətirşəkilli, gövdənin aşağı hissəsinin yarpaqları uzunsov üçbucağabənzər-yumurtaşəkilli, əsası ürəkşəkilli, künclu, uzunluğu 2,5 sm, eni isə 12-13 sm, yuxarı hissəsinin yarpaqları isə yumurtavari-neştərşəkilli olub, əksər yarpaqları kiçikdir. Yarpaqlarının əsasən aşağı hissəsi damarlı və xırda tükcüklüdür. Çiçəkləri demək olar ki, yarpaqsız, sıx, ensiz silindrik, 6 bölümlü olmaqla, yaşıl rənglidir. Meyvələri 3 bölümlü, oval, qəhvəyi fındıqcadır. Qısa şişkinlikli kökümsovları yastı, zəif budaqlanan kökə çevrilir.
Çəmənliklərdə, otlu çay kənarlarında, meşə talalarında, otlaq, əkin yerlərindəki alaq otları içərisində rast gəlinir.